REGİONLAR
ÖLKƏNİN ƏKSƏR RAYONLARINDA TAXIL BİÇİNİ BAŞA ÇATMIŞDIR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, avqustun 2-dək 741,8 min hektar, yaxud biçiləcək sahənin 95 faizinin məhsulu yığılmış, hər hektarın məhsuldarlığı orta hesabla 25,6 sentner olmaqla 1 milyon 898 min ton məhsul toplanmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz çox sahənin məhsulu biçilmiş və 146,6 min ton çox məhsul götürülmüşdür. Bir sıra bölgələrdə, o cümlədən Ağcabədi, Ağstafa, Ağsu, Beyləqan, Bərdə, Cəlilabad, Dəvəçi, İmişli, Qəbələ, Neftçala, Oğuz, Salyan, Siyəzən, Tovuz və Zərdab rayonlarında zəmilər tamamilə biçilmişdir.
Ağcabədi, Beyləqan, Bərdə, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Şəmkir rayonlarının təsərrüfatlarında hər hektardan orta hesabla 31,1-36,6 sentner məhsul götürülmüşdür. Taxıl istehsalı Cəlilabadda 121 min, Şəkidə 118 min, Sabirabadda 113,6 min, Ağsuda 73 min, Neftçalada 71 min tona çatmışdır. Naxçıvan Muxtar Respublikasında 77,4 min ton - keçən ildəkindən 15,5 faiz çox məhsul götürülmüş, hektarın orta məhsuldarlığı 38,3 sentner (ötən il 36,5) olmuşdur.