SİYASƏT
OMBUDSMANLARIN BİŞKEK GÖRÜŞÜ BAŞA ÇATMIŞDIR
Qırğızıstanın paytaxtı Bişkek şəhərində BMT-nin İnkişaf Fondu və ATƏT-in “Ombudsmanların fəaliyyətinin təkmilləşdirilməsi” mövzüsunda təşkil etdikləri dəyirmi masa başa çatmışdır. Tədbirdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova da iştirak etmişdir.
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, dəyirmi masadan məqsəd bir sıra dövlətlərdə yeni yaradılmış ombudsman təsisatlarının işini istiqamətləndirmək, fikir mübadiləsi aparmaq və inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsini öyrənmək olmuşdur. BMT İnkişaf Fondunu, ATƏT-i, habelə Çexiya, Polşa, Slovakiya, Moldova, Litva, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və digər dövlətləri təmsil edən ombudsmanların iştirak etdiyi bu tədbirdə insan hüquqları müdafiəçilərinin vəzifələri, ombudsman təşkilatlarının strukturu və fəaliyyət prinsipləri müzakirə edilmişdir. Çıxış edən nümayəndələr öz ölkələrində Ombudsman təsisatı haqqında qəbul edilmiş qanunlar, əldə edilmiş nəticələr, qarşılaşdıqları çətinliklər və onların aradan qaldırılması yolları barədə məlumat vermişlər.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin fəaliyyəti, iş təcrübəsi, keçirdiyi zona müşavirələri, kənd rayonlarında görüşləri, hüquq-mühafizə orqanlarının, icra hakimiyyətlərinin, bələdiyyələrin rəhbərliyi və nümayəndələri ilə görüşləri barədə məlumat iştirakçılarda maraq doğurmuşdur. Azərbaycan Ombudsmanının kənd rayonlarında təşkil etdiyi görüşlər, şikayətlərin yerlərdə hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birgə araşdırılıb həll olunması, habelə vətəndaş cəmiyyəti və QHT-lərlə iş prinsipi yüksək qiymətləndirilmişdir. E.Süleymanovanın Ombudsman təsisatı nəzdində hüququn müxtəlif istiqamətləri üzrə mütəxəssislərdən ibarət ekspertlər şurasının yaradılması və ombudsmanların növbəti görüşünün Bakıda keçirilməsi barədə təklifləri müsbət qarşılanmışdır.
E.Süleymanova Qırğızıstanda Azərbaycan diasporunu təmsil edən “Azəri” çəmiyyətinin nümayəndələri ilə də görüşmüşdür.