İQTİSADİYYAT
OPEC: Ötən il Azərbaycanda neftin emal həcmi gündəlik 120 min barrel olub
Bakı, 8 iyun, Nihad Budaqov, AZƏRTAC
Keçən il Azərbaycan üzrə xam neftin emal həcmi sutkalıq 120 min barrel təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) illik statistik hesabatında deyilir.
Ötən il Xəzəryanı ölkələrdən Rusiyanın gündəlik neft emalı həcmi 5 milyon 965 min barrel, İranın 1 milyon 901 min barrel, Qazaxıstanın isə 345 min barrel olub.
Gündəlik neft emalı həcminə görə dünyada ilk sırada 18 milyon 413 min barrel ilə ABŞ, ikinci yerdə 12 milyon 889 min barrellə Çin, üçüncü sırada Rusiya (5,9 milyon barrel), dördüncü yerdə 4 milyon 722 min barrellə Hindistan, beşinci sırada isə 3 milyon 704 min barrel ilə Yaponiya qərarlaşıb. Dünyada sutkalıq neft emalı həcmi ən az olan ölkə 24 min barrellə Qabondur.
Keçən il qlobal neft emalının həcmi gündəlik 96 milyon 931 min barrel olub. Bu həcmin 11,8 faizi, yəni sutkalıq 11 milyon 406 min barreli OPEC-ə üzv ölkələrin payına düşür. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələr üzrə gündəlik neft emalının həcmi 43 milyon 152 min barrel, keçmiş Sovet İttifaqına üzv ölkələrdə isə 8 milyon 462 min barrel olub.