İQTİSADİYYAT
OPEC Vyana sazişinə sentyabrda 121 faiz əməl edib
Bakı, 12 oktyabr, Nihad Budaqov, AZƏRTAC
Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) kartelə üzv və qeyri-OPEC ölkələri ilə əldə olunan xam neft hasilatının azaldılmasına dair Vyana sazişinə sentyabrda 121 faiz əməl edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, müqavilədə iştirak edən qeyri-OPEC ölkələrinin sazişə əməletmə səviyyəsi isə ötən ay 37 faiz olub.
Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il noyabrın 30-da OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində OPEC-ə üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari il iyunun 23-də isə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin IV iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.