İQTİSADİYYAT
OPEC-ə üzv ölkələrdən neft hasilatını ən çox Səudiyyə Ərəbistanı azaldıb
Bakı, 13 fevral, AZƏRTAC
Yanvarda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə xam neft hasilatı 930 min barrel azalaraq sutkada 30 milyon 830 min barrelə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
Bildirilir ki, keçən ay kartel üzrə xam neftdən savayı digər şərti olmayan istehsal isə gündəlik 5 milyon 570 min barrel təşkil edib. Bununla da, yanvarda OPEC üzrə ümumi istehsal sutkada 36 milyon 400 min barrel olub.
Hesabat ayında OPEC üzrə hasilat artımı ən çox Qabonda baş verib. Bu ölkənin neft istehsalı 30 min barrel artımla sutkada 210 min barrel təşkil edib.
OPEC-ə üzv ölkələr arasında ötən ay neft hasilatı ən çox azalan ölkə isə Səudiyyə Ərəbistanı olub. Bu ölkənin neft istehsalı 400 min barrel azalaraq sutkada 10 milyon 240 min barrelə düşüb. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Liviyada da neft istehsalı azalıb. Yanvarda BƏƏ-nin hasilatı 180 min barrel geriləyərək gündəlik 3 milyon 70 min barrel, Liviyada isə istehsal 100 min barrel düşərək sutkada 890 min barrel olub.