İQTİSADİYYAT
OPEC neft hasilatının azaldılmasına dair sazişə mayda 152 faiz əməl edib
Bakı, 22 iyun, Nihad Budaqov, AZƏRTAC
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə bu ilin may ayında neft hasilatının azaldılmasına dair sazişə 152 faiz əməl olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə OPEC məlumat yayıb. Bildirilir ki, OPEC bu ilin may ayında kartel üzrə neft istehsalının azaldılmasına dair sazişə 152 faiz əməl edib.
Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində təşkilata üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində OPEC-ə üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub. Gündəlik neft hasilatının 834 min barrel həcmində saxlanmasına dair razılaşma müqabilində Azərbaycan istehsalı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi ötən müddətdə tam yerinə yetirib.
Bu il iyunun 22-də OPEC Nazirlər Şurasının 174-cü iclasında isə kartel üzrə neft hasilatının gündəlik 1 milyon barrel artırılması barədə qərar qəbul edilib.