İQTİSADİYYAT
“OPEC+” növbəti 3 ayda hasilatın artırılması planını davam etdirəcək
Bakı, 28 aprel, AZƏRTAC
OPEC və OPEC-ə üzv olmayan bəzi ölkələrin (“OPEC+”) nazirlərinin 16-cı toplantısı videokonfrans formatında keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda 2020-ci il dekabrın 12-dəki və sonrakı tarixi qərarlarla qlobal neft bazarının yenidən tarazlaşdırılmasının dəstəklənməsi istiqamətində “Əməkdaşlıq Bəyannaməsi”nin davam edən müsbət töhfələri vurğulanıb. Qlobal iqtisadiyyatda davam edən canlanmanın ilin ikinci yarısında sürətlənəcəyinin gözlənildiyi bildirilib. Nazirlər peyvənd kampaniyalarının davam etməsinə baxmayaraq, bir sıra ölkələrdə COVID-19-a yoluxmaların sayının artdığı, bunun iqtisadi dirçəlişə və neft tələbatının yaxşılaşmasına mane ola biləcəyini vurğulayıblar.
İclasda cari ilin mart ayı üçün xam neft hasilatı məlumatları da daxil olmaqla Nazirlərinin Birgə Monitorinq Komitəsi (JMMC) tərəfindən hazırlanan aylıq hesabat nəzərdən keçirilib və iştirakçı ölkələrin müsbət göstəriciləri alqışlanıb. Neft tələbatının bərpa tempi ətrafında hökm sürən qeyri-müəyyənliklər nəzərə alınmaqla, hasilat həcmlərinin may, iyun və iyul aylarında tədricən artırılması qərara alınıb.
Xatırladaq ki, “OPEC+” ölkələri nazirlərinin 13-cü və 14-cü iclaslarında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral, mart və aprel aylarında davam etdirilməsi ilə bağlı qəbul edilmiş qərarlara əsasən, Azərbaycanın qeyd edilmiş dövr üzrə öhdəliyinin yanvar ayında olduğu kimi 123 min barel həcmində qalacağı, gündəlik xam neft hasilatının isə 595 min barel səviyyəsində saxlanılacağı nəzərdə tutulmuşdu.
“OPEC+” ölkələri nazirlərinin 15-ci iclasında isə gündəlik xam neft hasilatının növbəti üç ay ərzində tədricən 1,1 milyon barelədək artırılması ilə bağlı qərar qəbul edilib. Yeni razılaşmaya əsasən, Azərbaycanın gündəlik xam neft hasilat kvotası 2021-ci ilin ilk 4 ayı üzrə götürdüyü könüllü hasilat öhdəliyindən (595 min barel) mayda 8 min barrel və əlavə olaraq iyunda 7 min barel, iyulda isə 10 min barel çox təşkil edəcək. Ölkədə gündəlik xam neft hasilatı müvafiq olaraq mayda 603 min barel, iyunda 610 min barel və iyulda 620 min barel həcmində saxlanılacaq.