İQTİSADİYYAT
OPEK BEYNƏLXALQ İNKİŞAF FONDU UCAR-YEVLAX YOLUNUN TİKİNTİSİNƏ 31 MİLYON ABŞ DOLLARIMƏBLƏĞİNDƏ KREDİT AYIRACAQ
Maliyyə Nazirliyinin xarici sərmayələr idarəsinin müdiri Mərdan Mərdanov AZƏRTAC-ın müxbirinə demişdir ki, Sazişə görə OPEK Beynəlxalq İnkişaf Fondu Azərbaycanla Gürcüstanı birləşdirən İpək yolunun 53 kilometrinin və yol üzərində əlavə 5 körpünün tikintisinə 31 milyon ABŞ dolları məbləğində kredit ayıracaqdır. Kredit, əsasən, 22 milyon dolları İslam İnkişaf Bankı, 3 milyon dolları Azərbaycan Hökuməti, 6 milyon dolları isə OPEK tərəfindən ödənilməklə üç mənbədən veriləcəkdir.
Kredit 2,5 faizlə 20 illiyə verilir və onun qaytarılmasına 2009-cu ildən başlanılacaqdır. Bu vəsait yalnız ölkəmizdə yol tikintisi ilə bağlı islahatların aparılmasına sərf olunacaq və başqa şərtlər irəli sürülmür.
Kreditin ayrılması yeni iş yerlərinin açılmasına səbəb olacaqdır. Belə ki, yolun və körpülərin tikintisində 300 nəfər işlə təmin olunacaqdır.
Sazişin layihəsi Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının iclasında müzakirə olunmuşdur.
Sənəd yaxın günlərdə parlamentin plenar iclasının gündəliyinə çıxarılacaqdır.