SİYASƏT
OVÇULUQ FƏALİYYƏTİ QANUNLA TƏNZİMLƏNƏCƏKDİR
Bu nəzarət “Ovçuluq haqqında” Qanunla həyata keçiriləcəkdir. Həmin qanun layihəsi aprelin 12-də Milli Məclisin aqrar siyasət, təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyalarının birgə iclasında müzakirə edilmişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, qanun layihəsində ovçuluqda özbaşınalıqların aradan qaldırılması, vəhşi heyvanların mühafizəsi, artırılması, heyvanlar aləmindən istifadənin bioloji etikaya uyğun həyata keçirilməsi mühüm tələb kimi irəli sürülür. Bildirilir ki, ov təsərrüfatları və obyektləri dövlətə mənsubdur və onun mülkiyyətidir.
Qanun layihəsinin müzakirəsində aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov, Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Asya Manafova, deputatlar və işçi qrupunun üzvləri çıxış edərək öz rəy və mülahizələrini bildirmişlər.
Qanun layihəsini üçüncü oxunuşda Milli Məclisə təqdim etmək qərara alınmışdır.