ÖZƏLLƏŞDİRMƏ MÖVZUSUNDA FİKİR MÜBADİLƏSİ
AzerTAg.az
Yanvarın 30-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Davosda Rusiya Federasiyası Baş nazirinin birinci müavini Anatoli Çubaysla görüşərkən onların arasında özəlləşdirmə ilə bağlı fikir mübadiləsi oldu. Heydər Əliyev qeyd etdi ki, Rusiyada bu istiqamətdə xeyli iş görülmüşdür və bununla məşğul olan əsas şəxs kimi Çubaysın fikirlərini eşitmək maraqlı olardı. Çünki, Azərbaycan da özəlləşdirmə yolunu tutmuşdur.
Anatoli Çubays bildirdi ki, hər yerdə olduğu kimi, Rusiyada da bu proses çətin olmuşdur. Biz elə bir yol seçdik ki, bu, həmin prosesdə iştirak edənlərin hamısı üçün müsbət nəticə versin. Ona görə də problemin iqtisadi tərəfindən daha çox, siyasi cəhətini əsas götürərək özəlləşdimə çekləri variantının üzərində dayandıq. Vətəndaşlara həmin çeklərlə öz müəssisələrində, eləcə də başqa müəssisələrdə səhmlər almaq və ya çekləri sərbəst şəkildə satmaq hüququ verildi. Çeklərin sərbəst satışı nəticəsində güclü investisiya- kommersiya srtukturları meydana gəlməyə başladı. O dedi ki, hazırda Rusiyada müəssisələrin 73 faizi özəlləşdirilmişdir. Ölkədə 40 milyon səhmdar var ki, bu da yaşlı əhalinin üçdə ikisinə bərabərdir.
Özəlləşdirmənin iqtisadi nəticələrinin nə vaxt gözlənildiyi barədə Heydər Əliyevin sualın cavabında Anatoli Çubays dedi ki, Rusiyada həm də kiçik özəlləşdirmə aparılmışdır. Ticarət, xidmət sahələrini əhatə edən həmin mərhələ sürətlə keçirilmişdir. Lakin inflyasiyanın qarşısını ala, qiymətlərin aşağı düşməsinə nail ola bilməsək, böyük özəlləşdirmə ciddi nəticələr verməyəcək. Hələlik isə adamlar rubla etibar etmir və əllərində olan vəsaiti dollara çevirib müxtəlif banklara qoyurlar. Hazırda belə əmanətlərin həcmi 20 milyard dollar təşkil edir. İnflyasiyanın səbəblərindən biri də dövlətin iri həcmdə kreditlər verməsidir.
Bununla bağlı Azərbaycan Prezidenti qeyd etdi ki, taxıl, pambıq tədarükü üçün bizdə də kreditlər verilməsini tələb edirlər. Anatoli Çubays bildirdi ki, Rusiyada dövlət tədarükü olduqca azalmışdır. Bu, xüsusilə federal fondlara aiddir. İndi məlum olur ki, məsələn birjada taxılın qiyməti dövlət tədarük qiymətlərindən aşağıdır. Belə olan halda büdcədən vəsait ayırıb taxıl tədarük etməyə ehtiyac qalmır.
Görüş zamanı qiymətlərin sərbəstləşdirilməsi mövzusuna da toxunuldu. Anatoli Çubays dedi ki, Rusiyada əslində bütün qiymətlər, o cümlədən çörəyin və neft məhsularının qiymətləri sərbəstləşdirilmişdir. Azərbaycan Prezidenti çörəyin qiymətinin sərbəstləşdirilməsinin nəticələri ilə xüsusi maraqlandı.
Xəbərin mətnində orfoqrafik səhv var