CƏMİYYƏT
ÖZBƏKİSTANIN BAŞ PROKURORU TERROR AKTLARI İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRMİŞDİR
O, bildirmişdir ki, martın 30-da səhər saat 8 radələrində Daşkənd vilayətinin Karamurt milis postunda şəhərə tərəf gələn “Tiko” markalı minik maşını saxlanılmışdır. Sərnişinlərdən biri bədəninə bağlanmış partlayıcı qurğunu işə salmış, nəticədə iki terrorçu həlak olmuşdur.
Həmin gün şəhərin mərkəzində terror aktının qarşısını alarkən 3 milis işçisi həlak olmuş, 11-i yaralanmışdır. Bir neçə saat sonra Daşkənd vilayətinin Sallar qəsəbəsində terrorçuların zərərsizləşdirilməsi istiqamətində xüsusi əməliyyat aparılmış, atışma zamanı 6 terrorçu öldürülmüş, 8-i isə əldəqayırma partlayıcı qurğu və qumbara ilə özünü partlatmışdır. Onların 5-i qadındır. Gecə həmin qəsəbədə daha 4 terrorçu çıxılmaz vəziyyətdə qalaraq özlərini partlatmışlar.
Martın 31-də paytaxtın Çimbay küçəsində terrorçu qadını zərərsizləşdirərkən o özünü partlatmışdır.
Rəşidcan Qədirov qeyd etmişdir ki, aprelin 1-də Buxara vilayətinin Romitan rayonunda Fəraqət Əkrəmova adlı qadın öz evində partlayıcı qurğunu işə salmış, nəticədə on yaşlı qızı həlak olmuş, özü isə ağır vəziyyətdə xəstəxanaya çatdırılmışdır.
Son üç gün ərzində terrorçuları zərərsizləşdirərkən 14 nəfər həlak olmuş, 35 adam yaralanmışdır. Həlak olanların 10-u, yaralananların isə 24-ü milis işçisidir.