DÜNYA
ÖZBƏKİSTAN TERROR AKTLARININ TƏHQİQİNDƏ XARİCİ ÖLKƏLƏRİN KÖMƏYİNDƏN İMTİNA ETMİŞDİR
Özbəkistanın Baş Prokurorluğunda bildirmişlər ki, “Federal Təhqiqat Bürosu, Mossad və İnterpol öz köməyini təklif etmişlər. Lakin Özbəkistan tərəfi təklifə görə təşəkkürünü bildirərək qeyd etmişdir ki, belə köməyə ehtiyac yoxdur. Özbəkistan xüsusi xidmət idarələrinin əməkdaşları kifayət qədər təcrübəlidir və terror aktlarının araşdırılmasında əcnəbi həmkarların iştirakına lüzum yoxdur”.
İsrailin Özbəkistandakı səfirliyinin mətbuat əlaqələndiricisi Vladimir Lopatçenko demişdir ki, “Daşkənddə terror aktlarından dərhal sonra İsrailin bir qrup eksperti buraya gəlmişdir. Qrupa ölkənin xüsusi xidmət idarələrinin əməkdaşları ilə yanaşı, DİN işçiləri də daxildirlər”.
ABŞ-ın Daşkənddəki səfirliyindən isə bildirmişlər ki, “Amerikanın xaricdəki obyektlərinə hücumla əlaqədar ABŞ-da açılmış işin araşdırılması üçün Federal Təhqiqat Bürosunun agentləri buraya gəlmişlər”.
Xatırladaq ki, terrorçu kamikadzelərin ABŞ və İsrail səfirliklərinin yanında, habelə Özbəkistan Baş Prokurorluğunun binasında törətdikləri üç partlayış nəticəsində 4 adam həlak olmuş, 7 nəfər yaralanmışdır.