İQTİSADİYYAT
“Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”na ediləcək dəyişikliklər müzakirə olunub
Bakı, 24 may, AZƏRTAC
"Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"na ediləcək dəyişikliklərə dair müzakirələr aparılıb.
Azərbaycan Banklar Assosiasiyasından AZƏRTAC-a bildirilib ki, "Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə" Ekspert Qrupunun görüşü keçirilib. Maliyyə Bazarlarına Nəzarət Palatasının və Mərkəzi Bankın nümayəndələrinin də iştirak etdiyi görüşün müzakirə mövzusu "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"na ediləcək dəyişikliklər olub.
Görüşdə Azərbaycanda emissiya edilmiş ödəniş kartları ilə ölkə daxilində aparılan əməliyyatlarda tətbiq olunan "interçeync" xidmət haqqı tarifləri də nəzərdən keçirilərək beynəlxalq kart təşkilatları ilə mövcud tariflərə dair danışıqların davamlı olmasının zəruriliyi qeyd edilib.
Görüş çərçivəsində ekspert qrupu tərəfindən Banklararası Kart Mərkəzində tətbiq olunan hesabatlılıq formalarının təkmilləşdirilməsi istiqamətində görülən işlər nəzərdən keçirilib.