REGİONLAR
Oğlan və qız atletləri arasında kross qaçışı üzrə muxtar respublika birinciliyi başa çatıb
Naxçıvan, 19 oktyabr, AZƏRTAC
2006-2007-ci il təvəllüdlü oğlan və qız atletləri arasında keçirilən kross qaçışı üzrə muxtar respublika birinciliyinə yekun vurulub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Atletika Federasiyasının birgə təşkil etdiyi birincilikdə 100-ə yaxın atlet qüvvəsini sınayıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, birinciliyin mükafatlandırma mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının sədri Rəhman Məmmədov muxtar respublikada idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, bu gün muxtar respublikanın bütün ali təhsil ocaqlarında uşaq, yeniyetmə və gənclərin bu sahə ilə məşğul olmaları üçün hər bir şərait yaradılıb. Bunun nəticəsidir ki, idmançılarımız keçirilən ölkədaxili birinciliklərdə uğurla çıxış edərək böyük nailiyyətlər qazanırlar.
Gənclər və idman naziri Ramil Hacı çıxışında vurğulayıb ki, muxtar respublikanın bütün şəhər və rayonları ilə yanaşı, kəndlərində də idman zallarının, obyektlərinin fəaliyyət göstərməsi, həm də uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli təşkil olunmasına imkan verir. Atletika idman növünə marağın yüksək olması federasiyanın şəhər və rayonlardakı bölmələrinin uğurlu fəaliyyətinin nəticəsidir.
Çıxış edənlər yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlıqlarını bildirib, qalib idmançıları təbrik edib, onlara gələcək karyeralarında uğurlar arzulayıblar.
Yarışın yekun nəticəsinə əsasən, 2 kilometr məsafədə Sədərək idmançıları Aysu Abbasova, Zeynəb Babayeva və Nurşən Abbasova yarışı ilk üç pillədə başa vurublar. Oğlanların 5 kilometrlik yarışında qalib adını Kəngərli idmançısı Suad Eyvazov qazanıb. Şərur idmançısı Emil Cəfərzadə ikinci, Naxçıvan şəhərinin təmsilçisi Əliabbas Səfərov isə üçüncü olub. Ümumilikdə, ilk 10 pillədə yer alan idmançılar adlarını qaliblər siyahısına yazdırıblar.
Sonda qalib idmançılar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.