İDMAN
Oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə Azərbaycan çempionatı başa çatmışdır
Bakı, 12 iyun (AZƏRTAC). Respublika Şahmat Mərkəzində 8-10-12 yaşadək oğlanlar və qızlar arasında keçirilən Azərbaycan çempionatı başa çatmışdır.
Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, dairəvi sistemlə keçirilən birincilik 11 turdan ibarət olmuşdur.
Yarışda 8 yaşadək qızlar arasında Mingəçevir şahmatçısı Aysel Səlimova 11 oyundan 10 xal toplayaraq birinci yerdə qərarlaşmışdır. Gülzar Hüseynova (Sumqayıt) ikinci, Səmra Qasımova (Füzuli) isə üçüncü yeri tutmuşlar.
Oğlanların mübarizəsində Bakı təmsilçisi Ümid Aslanov 8,5 xalla qalib olmuşdur. Səkkiz xal toplayan Sənan Xudiyev ikinci yerə çıxmışdır.
Turnirdə 10 yaşadək oğlanlar arasında 8,5 xal toplayan Fərid Mustafayev qızıl medala layiq görülmüşdür. Aktivlərinə 7,5 xal yazdıran Əhməd Əhmədzadə və Vüqar Manafov 2-3-cü yerləri bölüşdürmüşlər. Ə.Əhməzadə əlavə göstəricilərə görə gümüş medalın sahibi olmuşdur.
Eyni yaş qrupunda qızların mübarizəsində birinci yerə 9,5 xal toplayan Ayan Allahverdiyeva çıxmışdır. Sumqayıt təmsilçisi Mələk İsmayıl isə 8,5 xalla ikinci olmuşdur.
Çempionatda 12 yaşadək qızların yarışında Ləman Hacıyeva (Sumqayıt) qızıl, Gövhər Beydullayeva isə gümüş medala sahib olmuşlar.
Oğlanlar arasında isə FİDE ustası Abdulla Qədimbəyli 9,5 xalla birinci, Kənan Qarayev isə 9 xalla ikinci yerə çıxmışdır.
Hər yaş qrupunda qızıl medalın sahibləri Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının xətti ilə müvafiq yaş qruplarında dünya çempionatına, gümüş medalın sahibləri isə Avropa çempionatına vəsiqə əldə etmişlər.