CƏMİYYƏT
Oğuz rayonunda gənclərlə görüş keçirilib
Bakı, 21 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Milli Məclisinin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Oğuz rayonunda gənclərlə görüş keçirib.
AZƏRTAC xəbər verir ki, görüşdə rayonun təhsildə, elmi-pedaqoji fəaliyyətdə, idman sahəsində fərqlənən qabaqcıl gəncləri, istehsalatda, mədəniyyət sahəsində, ictimai işlərdə fəallıq göstərən şəxslər iştirak ediblər. Aqiyə Naxçıvanlı gənclərlə keçirdiyi hər görüşdə daha intellektual, daha müasir gəncliyi müşahidə etdiyini bildirərək onların ölkəmizin inkişafında əhəmiyyətli rolundan danışıb. O, gənclərə hər zaman diqqət və qayğı göstərən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən gənclərin problemlərinin həlli üçün mühüm addımlar atıldığını, bu məqsədlə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq edildiyini, “Gənclər ili”nin elan olunduğunu, Gənclər Fondunun yaradıldığını, gənclərin sosial müdafiəsi ilə bağlı müxtəlif sərəncamların imzalandığını diqqətə çatdırıb. Bildirilib ki, bu siyasətin nəticəsində gənclərimizin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı təmin edilib, gənc istedadlara dövlət qayğısı artırılıb, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi daim diqqətdə saxlanılıb. “Hər zaman gənclərə dəstək olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu sahədə fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Onun həyata keçirdiyi bütün tədbirlərdə yetişməkdə olan gənc nəslin sağlamlığı, intellektual və fiziki inkişafı daim diqqət mərkəzində saxlanılır. Neçə-neçə məktəblərin, uşaq bağçalarının tikilməsi, istedadların üzə çıxarılması, sağlamlığı məhdud gənclərin müalicə edilərək aktiv həyata qaytarılması bunlara bariz nümunədir”, - deyə Milli Məclisin komitə sədri bildirib.
Daha sonra gənclərə söz verilib, onların peşə və ixtisas seçimləri, ictimai davranış, yaşlı insanlara hörmət, erkən nikahlar, milli dəyərlər barədə fikirləri dinlənilib.
Çıxış edən gənclər elə bu görüşü misal göstərərək dövlətin onlara qayğısından, gələcəyə düzgün istiqamətləndirilmələrindən, daim maarifləndirilmələrindən, onlarla görüşlərin tez-tez keçirilməsindən razı qaldıqlarını bildirərək, Azərbaycana layiqli vətəndaş olacaqlarına söz veriblər.