REGİONLAR
Oğuzda 160 hektar sahəyə tütün şitilləri köçürülüb
Oğuz, 19 may, Mustafa Dadaşov, AZƏRTAC
Builki mövsümdə Oğuz rayonunda 300 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Hazırda təsərrüfatlarda tütün əkini mütəşəkkil davam etdirilir. Fermerlər indiyədək 160 hektar sahəyə tütün şitilləri köçürüblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.
Qurum rəsmisi bildirib ki, tütün yetişdirilməsi ilə əlaqədar 65 fermerlə müqavilə bağlanılıb. Cari mövsümdə sahələrə, əsasən “Virciniya botaniki” növlü tütün əkilir.
Xatırladaq ki, keçən il oğuzlu fermerlər 110 hektar sahədən 215,6 ton quru tütün əldə ediblər.
Rayonun ailə təsərrüfatlarında ipəkqurdlarının yemlənməsi prosesi də davam etdirilir. Builki mövsümdə barama istehsal etmək üçün oğuzlu kümçülərə 320 qutu ipəkqurdu paylanılıb. Rayonda yaş barama istehsalının ötən illə müqayisədə 3,9 ton artırılaraq 12,8 tona çatdırılması proqnozlaşdırılır.