REGİONLAR
Oğuzda Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
Oğuz, 29 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan tarixinə qızıl hərflərlə yazılan İkinci Qarabağ savaşı ordumuzun qüdrətini, xalqımızın sarsılmaz birliyini ortaya qoydu. Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda canından keçən minlərlə igid oğullardan biri də Oğuz rayonundan olan şəhid Məhəbbət Paşayevdir. O, Vətən müharibəsində şəhadətə yüksələn Oğuzun ilk şəhididir.
Şəki Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, şəhidin ildönümü ərəfəsində Oğuz rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları onun ailəsini ziyarət edib, ailə üzvlərinə mənəvi dəstək olub, Məhəbbətin həyat yolu barədə xatirələrini dinləyiblər.
Rayon Tarix-Diyarşünaslıq Muzeyinin kollektivi də şəhidin xatirəsinə ehtiram əlaməti olaraq Şəhidlər xiyabanında uyuyan Məhəbbət Paşayevin məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.
Qeyd edək ki, Məhəbbət Paşayev Vətən müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib. Şəhid sentyabrın 30-da Oğuz Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Məhəbbət Paşayev ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.