REGİONLAR
Oğuzlu fermerlər indiyədək 21 ton quru tütün istehsal ediblər
Oğuz, 14 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Oğuz rayonunun təsərrüfatlarında tütün yığımının qızğın çağıdır. Fermerlər bu günədək sahələrdən 300 tondan çox yaşıl tütün kütləsi toplayaraq qurudulması üçün “Azərtütün” MMC-nin Şəkidə fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə təhvil veriblər. Bundan əlavə, oğuzlu fermerlər mövsümün əvvəlindən indiyədək yetişdirdikləri yerli tütün sortlarından 21 ton quru tütün də istehsal ediblər.
Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyəti aparatının məsul nümayəndəsi Qəmzə Süleymanova məlumat verib.
Xatırladaq ki, 2017-ci ildə Oğuz rayonunun təsərrüfatlarında 200 hektar sahədə tütün əkilib. Tütün əkini sahələri əvvəlki illə müqayisədə 14 dəfədən çox artıb. Oğuzlu fermerlər bu il 31 hektar sahədə “Virciniya” növlü ətirli, 169 hektar sahədə yerli tütün sortları yetişdiriblər.
Hazırda rayonda 17 ailə-fermer təsərrüfatı tütünçülüklə məşğul olur. Dövlət tərəfindən bu sahənin inkişafına göstərilən yüksək diqqət və qayğı, tütün istehsalçılarına subsidiyaların ayrılması kənd əhalisinin bu gəlirli sahəyə marağını xeyli artırıb.
Bucaq kəndindən olan fermer Rəftar Əhmədli uzun illər qarğıdalıçılıqla məşğul olub. O, hər il yüz hektardan çox sahədə qarğıdalı yetişdirir. Fermer bu il ilk dəfə 43 hektar sahədə tütün əkib, yaxşı da məhsul yetişdirib. Təsərrüfat rəhbəri AZƏRTAC-a bildirib ki, indiyədək qəbul məntəqəsinə 81 ton yaşıl tütün kütləsi təhvil verib. Fermer, eyni zamanda, 2,3 ton quru tütün istehsal edib. Hazırda bu təsərrüfatda 30-dan çox mövsümi işçi çalışır.
Rayonda tütün yığımı davam edir.