CƏMİYYƏT


Sabah bəzi bölgələrdə leysan yağacaq

Bakı, 19 oktyabr, AZƏRTAC 

Azərbaycanda oktyabrın 20-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı ehtimal olunur. Mülayim şimal-qərb küləyi əsəcək, gün ərzində arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17°, gündüz 20-23° isti, Bakıda gecə 15-17°, gündüz 21-23° isti olacaq. Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz təşkil edəcək.

Oktyabrın 20-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, gecə və səhər saatlarında duman olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-15°, gündüz 22-26° isti, dağlarda gecə 6-11°, gündüz 15-20° isti olacağı ehtimal edilir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 6-11°, gündüz 20-25° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, arabir sürətlənəcək. Havanın temperaturunun gecə 6-11°, gündüz 15-20° isti olacağı proqnozlaşdırılır.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 12-15°, gündüz 21-26° isti olacağı bildirilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 19-24° isti, dağlarda gecə 3-8°, gündüz 15-20° isti olacağı ehtimal edilir.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-15°, gündüz 22-26° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimal edilir. Arabir duman olacaq. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 12-14°, gündüz 21-24° isti, dağlarda gecə 12-14°, gündüz 18-20° isti olacağı ehtimalı var.

Sinoptiklərin xəbərdarlığına görə, oktyabrın 20-də gün ərzində Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, küləyin sürəti 15-20 metr/saniyə təşkil edəcək, gündüz yarımadanın bəzi yerlərində saniyədə arabir 23-28 metrədək güclənəcək.

Oktyabrın 20-si axşam şimal və qərb rayonlarından başlayaraq 22-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 15-20 metr təşkil edəcək, bəzi yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7° enəcək. Çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Lənkəran-Astara zonasının bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, oktyabrın 20-də Abşeron yarımadasında xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.