CƏMİYYƏT
Oktyabrın 5-də Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir
Bakı, 4 oktyabr, AZƏRTAC
Ölkə ərazisində oktyabrın 5-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-20°, gündüz 24-28° isti, Bakıda gecə 16-18°, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 25-30° isti, dağlarda gecə 8-13°, gündüz 15-20° isti olacağı ehtimal edilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, oktyabrın 5-6-da Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əlverişli olsa da, gilavar küləyinin üstünlüyü bəzi insanlarda narahatlıq hissi yarada bilər.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 27-32° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 15-20° isti olacağı proqnozlaşdırılır.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 14-19°, gündüz 25-30° isti olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 20-25° isti, dağlarda gecə 3-8°, gündüz 13-18° isti olacağı ehtimalı var.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 25-30° isti olacağı ehtimal edilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-19°, gündüz 22-27° isti, dağlarda gecə 9-13°, gündüz 17-22° isti olacağı gözlənilir.