İDMAN
Olimpiya çempionu Vladislav Qançarov Bakıda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb
Bakı, 16 fevral, AZƏRTAC
Bakıda keçirilən dünya kubokunda batut gimnastikası üzrə kişi sinxron cütlüklərin yarışına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Belarusu təmsil edən “Rio-2016” Yay Olimpiya Oyunlarının çempionu Vladislav Qançarov və Oleq Ryabtsev 52,720 xalla qızıl medala sahib olublar. Piyer Guzu və Mikael Vivianidən ibarət Fransa komandası 51,310 xalla yarışda ikinci pillədə qərarlaşıb. İlk üçlüyü qazaxıstanlı batutçular Pirməmməd Əliyev və Daniel Mussabayev 50,780 xalla tamamlayıblar.
Belaruslu batutçu V.Qançarov 2015-ci ildə Bakıda təşkil olunan birinci Avropa Oyunlarında həm fərdi, həm də sinxron proqramda gümüş medal qazanıb. Gimnast ötən il Minskdə keçirilən ikinci Avropa Oyunlarının fərdi yarışlarında isə qalib gəlib.
Qeyd edək ki, 30 ölkədən 150-dək idmançının iştirak etdiyi dünya kuboku “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.