CƏMİYYƏT
Ölkə ərazisindəki çaylarda biogen maddələrin miqdarı normadan dəfələrlə çox olub
Bakı, 20 dekabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşları Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə dekabrda növbəti monitorinq keçirib.
Departamentdən AZƏRTAC-a bildiriblər ki, dekabrın ikinci ongünlüyündə Kür çayında suyun sərfi ayın birinci ongünlüyünə nisbətən saniyədə 41 kubmetr azalaraq 194 kubmetrə bərabər olub.
Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayının Şıxlı-2 məntəqəsində, Ağstafaçay çayında, Ağstafa su anbarında, Araz çayının Horadiz, Bəhramtəpə və I Şahsevən məntəqələrində biogen və spesifik çirkləndiricilərin miqdarının normadan dəfələrlə çox olması müşahidə edilib.
Dekabrın ikinci ongünlüyündə aparılan monitorinqlərin fiziki-kimyəvi analiz nəticələrinə görə, suyun tərkibindəki fenollar Kür çayı üzrə Şıxlı-2 məntəqəsində və Ağstafa su anbarının Qazax rayonunun Xanlıqlar kəndindən keçən hissəsində 2,4, Ağstafaçay çayının Qazax rayonu ərazisindən keçən hissəsində 2,1, Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə 2,0-2,2, biogen maddələrdən nitritlərin miqdarı isə 1,7-1,9 dəfə yol verilən qatılıq həddini keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5,87-6,87 milliqram/litr arasında olmaqla sanitar norma daxilində dəyişib.