REGİONLAR
Ölkə üzrə 209 min 500 ton şəkər çuğunduru tədarük olunub
İmişli, 27 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Cari ildə respublika üzrə şəkər çuğunduru sahələrindən bol məhsul tədarük olunub. Ötən illə müqayisədə daha az əkin sahəsindən daha çox məhsul yığılıb.
İmişli Şəkər Zavodundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu il ölkə üzrə 12 rayon ərazisində 175 fermerlə bağlanan müqavilə əsasında 5200 hektar ərazidə çuğundur əkilib.
Sahələrdən 209 min 500 ton məhsul tədarük olunub ki, bu da hər hektara 40 tondan çox məhsul deməkdir. Yığılan məhsulun şəkərlilik göstəricisi isə 15,7 faiz təşkil edib.
Göstəricilərə görə ötən illə müqayisədə bu il daha çox məhsul tədarük edilib. Belə ki, 2021-ci ildə 185 fermerlə müqavilə əsasında 5250 hektardan 178 min ton məhsul yığılmış və şəkərlilik faizi 14,5 faiz olmuşdu.
Şəkər çuğunduru istehsalçılarına daha bir xoş xəbər isə 2023-cü ilin məhsulunda qiymət artımının olması ilə əlaqədardır. Növbəti ildə fermerlər tədarük etdikləri məhsulun hər tonuna görə şəkər zavodu tərəfindən 5 manat əlavə pul alacaq, eyni zamanda, məhsulun hər tonuna görə dövlət tərəfindən verilən 12 manat məbləğində subsidiya isə 18 manat olacaq.