REGİONLAR
Ölkədə qoyunçuluğun inkişafı üçün süni mayalanma və süngərləmə üsulları tətbiq olunacaq
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun nəzdində damazlıq qoyunçuluq kompleksi yaradılır
Bərdə, 26 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Heyvandarlıqda əsas prioritet istiqamətlərdən biri iribuynuzlu heyvanlarla yanaşı, xırdabuynuzlu heyvanların da cins tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar cinslərin seleksiya yolu ilə əldə olunması və yerli cinslərin potensial məhsuldarlığının daha da yaxşılaşdırılmasıdır. Xüsusən, qoyunçuluğun intensiv inkişafı məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən damazlıq-seleksiya işinin müasir texnologiyalar əsasında təşkili ilə bağlı layihəyə başlanılıb. Əsas məqsəd dünya heyvandarlığında səmərəli metodlar kimi qəbul edilmiş süni mayalandırma və süngərləmə üsulunu tətbiq etməklə, qoyunların məhsuldarlığının və balavermə qabiliyyətinin yüksəldilməsinə nail olmaqdır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev deyib.
Onun sözlərinə görə, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu respublikamızın ənənəvi təsərrüfat sahəsi olan qoyunçuluğun intensiv metodlarla inkişaf etdirilməsi, heyvanların baş sayının artırılması, onların damazlıq keyfiyyətinin yaxşılaşdırılması məqsədilə Türkiyənin bir sıra elmi müəssisələri ilə sıx əməkdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində qoyunların balavermə və məhsuldarlıq qabiliyyətlərinin yüksəldilməsi istiqamətində silsilə işlər aparılacaq.
Respublikamızda olan 13 qoyun cinsinin bəzilərinin itmək təhlükəsi qarşısında olduğunu deyən direktor, layihə çərçivəsində həmin cinslərin bərpası və yeni cinslərin yaradılmasının hədəf götürüldüyünü deyib. "Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun nəzdində 1000 başlıq damazlıq qoyunçuluq kompleksinin tikintisinə başlanılıb. Kompleks istifadəyə verildikdən sonra burada respublikada mövcud olan qoyun cinslərinin bərpası, yeni cinslərin yaradılması istiqamətində elmi-tədqiqat işləri aparılacaq, süni mayalanma və süngərləmə üsulları tətbiq olunacaq. Yerli qoyun cinslərindən toxum alınması və onların genbankının yaradılması da nəzərdə tutulur. Xaricdən gətirilən toxumlar isə yerli qoyun cinslərinin daha da təkmilləşdirilməsi və məhsuldarlıq qabiliyyətinin yüksəldilməsi üçün istifadə ediləcək", - deyə Mahir Hacıyev bildirib.