MƏDƏNİYYƏT
Ölkəmiz Almaniyada keçiriləcək “Berlinale Talents” proqramında təmsil olunacaq
Bakı, 18 yanvar, AZƏRTAC
Fevralın 7-dən 17-dək Almaniyada “Berlinale” kimi tanınan və dünyanın ən nüfuzlu festivallarından olan 69-cu Berlin film festivalı keçiriləcək. 1951-ci ildən etibarən hər il keçirilən, dünya kinematoqrafiyasının ən gözlənilən tədbirlərindən biri olan “Berlinale” festivalında 400-dən çox “müəllif” və “intellektual” film nümayiş etdirilir.
AZƏRTAC xəbər verir ki, festival çərçivəsində fevralın 9-dan 14-dək baş tutacaq “Berlinale Talents” beynəlxalq kino proqramında ölkəmiz də iştirak edəcək. Həmyerlimiz Samirə Əsgərova bu proqramda iştirak üçün 130 ölkədən olan 3400 ərizəçi arasından seçilib.
Qeyd edək ki, Samirə Əsgərova Azərbaycanın aparıcı yayım distribusiya şirkəti olan “Cinema Distribution”da yerli və xarici filmlərin kinoteatrlarda nümayişinin təşkili ilə məşğul olur.