CƏMİYYƏT
Ölkəmiz malyariyanın elminasiyasının sertifikatlaşdırılması üçün Dünya Səhiyyə Təşkilatına müraciət edib
Bakı, 13 sentyabr, AZƏRTAC
Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, malyariya parazitar xəstəliklər içərisində çox geniş yayılıb və dünya əhalisinin 41 faizdən çoxu ona yoluxma riski altında yaşayır. Hər il dünyanın 100-dən çox ölkəsində orta hesabla 300-500 milyon nəfər həmin xəstəliyə yoluxur və il ərzində 1,5-2,7 milyon nəfər malyariyanın qurbanına çevrilir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə keçən əsrin 90-cı illərinin əvvəllərində məlum səbəblərdən sosial-siyasi vəziyyətin pisləşməsi, 1 milyondan çox qaçqın və məcburi köçkün və əhali arasında xaotik miqrasiyanın nəticəsində malyariya xəstəliyi geniş miqyasda yayılaraq ölkə ərazisinin 80 faizini əhatə edib.
Epidemioloji vəziyyətlə əlaqədar DST-nin tövsiyələrinə müvafiq olaraq Milli Proqram hazırlanıb və həmin proqramın uğurla həyata keçirilməsi nəticəsində epidemiyanın genişlənməsinin qarşısı alındığı üçün xəstələnmə səviyyəsi ilbəil azalmağa başlayıb. Aparılan kompleks əks-epidemik tədbirlər nəticəsində ölkəmizdə malyariyanın eliminasiyasına nail olunub və 2013-cü ildən etibarən ona yoluxma halları müşahidə edilməyib.
Malyariyaya yoluxma hallarının kəsilməsinə nail olan ölkələr xəstəliyin eliminasiyasını sertifikatlaşdırılması üçün Səhiyyə Nazirliyi tərəfindən DST-ə müraciət edilib və müsbət rəy alınıb.
Sentyabrın 13-də sertifikasiya prosesinə hazırlığın təmin edilməsi və gələcəkdə Beynəlxalq Sertifikasiya Komissiyası ilə səmərəli əməkdaşlıq etmək məqsədilə aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət Sertifikasiya Komitəsinin birinci toplantısı keçirilib.
Qeyd edək ki, malyariyadan azad ölkə kimi sertifikatlaşdırma prosesi, ciddi dövlət və beynəlxalq səviyyədə rezonansa səbəb olur. Onun nəticəsi turizmin, biznesin, qarşılıqlı tələbə mübadiləsinin və bir çox digər sahələrin inkişafına iqtisadi cəhətdən öz təsirini göstərir.