CƏMİYYƏT
Ölkəmizdə ətraf mühit və ekologiyanın qorunması sahəsində vacib tədbirlər görülür
Bakı, 30 noyabr, AZƏRTAC
Son illər ölkəmizdə ekoloji vəziyyət və onun sağlamlaşdırılması ilə əlaqədar müxtəlif tədbirlər görülür. Ətraf mühitin, atmosfer havasının qorunması, eləcə də yeni yaşıllıq zolaqlarının salınması sahəsində ardıcıl iş aparılır.
Bu barədə AZƏRTAC-a müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib: “Atmosfer havasının çirkləndirilməsinin 70 faizi nəqliyyat vasitələri ilə əlaqədardır. Ona görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Daxili İşlər Nazirliyi ilə birlikdə “Təmiz hava aylığı” çərçivəsində reydlər keçirir və müvafiq tədbirlər görür. Bu yaxınlarda nazirliyin təşəbbüsü ilə bir neçə dövlət qurumları, qeyri-hökumət təşkilatları və ictimaiyyətin iştirakı ilə “Avtomobilsiz bazar günü” yürüşü təşkil edildi. Çox istəyərdik ki, bu təşəbbüs genişlənərək öz yerini tutsun və gündəlik həyatda alternativ nəqliyyat növlərindən daha çox istifadə olunsun.
Həmçinin nazirlikdə ekomobil və ekoavtomobillərin gətirilməsi ilə əlaqədar müəyyən təkliflər hazırlanıb. Ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasına qoşulub və həmin sənədə əsasən 2030-cu ilədək atmosferdə olan istilik effektli qazların konsentrasiyasının 35 faiz azaldılması barədə öhdəlik götürülüb. Ona görə də bu sahədə ciddi addımlar atılmasının vaxtı çatıb”.
-Üzümüzə gələn qış mövsümünün hava proqnozları ilə əlaqədar ən müxtəlif informasiyalar yayılır. Bu barədə nə deyə bilərsiniz?
-Son vaxtlar həm yay, həm də qış mövsümü ilə əlaqədar belə proqnozların verilməsi halları ilə tez-tez üzləşirik. Lakin araşdırmalar göstərir ki, yay fəslində anomal isti günlərin sayı artıb, qış fəsli barədə isə müxtəlif fikirlər mövcuddur. Bəziləri son illər qışda havaların mülayim, bəziləri isə sərt keçəcəyini söyləyirlər. Hətta sərt qış barədə proqnoz verənlər 2002, 2008 və 2012-ci illərin soyuq günlərini xatırladırlar.
Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə aparılan araşdırmalar göstərir ki, ölkəmizdə qış fəslində minimal temperatur yüksəlib. Dünya miqyasında 1961-1990-cı illəri əhatə edən zaman kəsiyi bu sahədə baza dövrü kimi qəbul olunub. Həmin dövrlə son iki onilliyi müqayisə edərkən müəyyən olunub ki, qış fəslində minimal gecə temperaturunda yüksəliş var və şaxtalı günlərin sayı azalıb. Bu, ölkə ərazisində qış fəslinin mülayimləşməsi tendensiyasının müşahidə olunduğunu göstərir.
-Builki qış fəsli ilə bağlı hansısa proqnozlar vermək olarmı?
-Ayrı-ayrı illərdə qışın sərt keçən dövrləri olub, lakin biz təxminən üç ay davam edən fəsildən danışırıqsa, orta göstəriciləri qeyd etməliyik. Avropa Orta Müddətli Proqnozlar Mərkəzinin verdiyi məlumata görə, bu qış havanın temperaturunu orta göstəricisi iqlim normasından 0,5-1 dərəcə yüksək olacaq. Lakin bu heç də soyuq, şaxtalı günlərin olmaması kimi başa düşülməməlidir.
Dekabrın ilk günlərində isə havanın temperaturunun iqlimin norma göstəricilərindən aşağı olacağı gözlənilir. Ayın ilk günlərində hava yağıntılı olacaq və soyuq keçəcək. Abşeron yarımadasında həmin müddətdə havanın yağıntılı olması proqnozlaşdırılır və həmin günlərdə temperatur 4-6 dərəcə intervalında dəyişəcək.