MƏDƏNİYYƏT
Ölkəmizdə gənc aşıqların yaradıcılığına həmişə xüsusi diqqət yetirilib
Bakı, 2 fevral, AZƏRTAC
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə 2 fevral-Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı ölkəmizdə gənc aşıqların yaradıcılığına həmişə xüsusi diqqət yetirildiyini bildirib. Arıq 20 ildən çoxdur ki, hər il fevralın 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd olunur. Bunun əsası həmişə gəncliyə böyük diqqət və qayğı göstərən ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün də uğurla davam etdirilir.
Vurğulayıb ki, istedadlı gənclərə qayğı göstərilməsi, onların yaradıcılıq imkanlarını üzə çıxarılması Azərbaycan Aşıqlar Birliyinin fəaliyyətində mühüm yer tutub. Bu istiqamətdə bir sıra layihələr reallaşdırılıb, gənc aşıqların ifalarından ibarət “Sarıtel” və “Misri” adlı audiodisklər buraxılıb.
Bu tədbirin də gənc aşıqlara qayğının bir nümunəsi olduğunu vurğulayan birliyin sədri deyib ki, gənc aşıqların bu axşamkı çıxışı həm də bir növ onların yaradıcılıq hesabatıdır.
Sonra səhnəyə ilk olaraq Əməkdar Mədəniyyət İşçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu çıxıb.
“Şirvanşah”, “Misri” və “Laçın” sazçı folklor qruplarının və digər gənclərin ifaları da daxil olmaqla 40-dan çox gənc aşığın çıxışı maraqla qarşılanıb.