CƏMİYYƏT
Ölkəmizdə insan alverinə qarşı mübarizə istiqamətində aparılan fəaliyyətlərlə bağlı müzakirələr keçirilib
Bakı, 21 oktyabr, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının bir qrup üzvləri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, insan alveri qurbanları üçün reabilitasiya mərkəzlərinə və sığınacaqlara malik QHT rəhbərlərinin iştirak etdiyi görüşdə torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhid olan əsgərlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Baş İdarənin rəisi, polis general-mayoru Həzi Aslanov Daxili İşlər naziri general polkovnik Vilayət Eyvazovun və nazirin birinci müavini, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, polis general-leytenantı Seyfulla Əzimovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Görüşdə Həzi Aslanov Ermənistanın təxribatlarına qarşı rəşadətli ordumuzun əks-hücum əməliyyatları keçirməsi, Prezident, Ali Baş Komandan İlham Əliyevin ərazilərimizin bütövlüyünün təmin olunması ilə bağlı qətiyyətli mövqeyi barədə fikirlərini bildirib, qələbələrimiz münasibətilə iştirakçıları təbrik edib.
Eyni zamanda, ölkəmizdə insan alverinə qarşı mübarizə istiqamətində aparılan fəaliyyətlərlə bağlı ABŞ Dövlət Departamentinin və digər beynəlxalq təşkilatların məlumat və tövsiyələri ətrafında geniş müzakirələr keçirilib.
Baş İdarə rəisinin müavini, polis-polkovniki Samir Zeynalov bu ilin iyulunda dövlətimizin başçısı tərəfindən təsdiq olunmuş və 2020-2024-cü illəri əhatə edən Milli Fəaliyyət Planı barədə danışaraq qeyd edib ki, öncəki illərdə olduğu kimi, bu fəaliyyət planında da QHT-lərlə geniş əməkdaşlığa dair müddəalar əksini tapıb. Bildirilib ki, DİN-in rəhbərliyinin QHT Koalisiyasının üzvlərinə göstərdiyi diqqət və qayğı növbəti illərdə də davam edəcək.
Görüşdə QHT Koalisiyasının rəhbəri, “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova həyata keçirdikləri işlərə dair hesabat xarakterli məlumat verib. Koalisiya sədri vurğulayıb ki, vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq Baş İdarə ilə sıx qarşılıqlı əməkdaşlıq çərçivəsində 2020-2024-cü illəri əhatə edən Milli Fəaliyyət Planı üzrə daha səmərəli nəticələrə nail olacaqlar.
Tədbirdə Baş İdarənin şöbə rəisləri də fikirlərini söyləyiblər. Qeyd ediblər ki, insanların alver predmetinə çevrilməsinin qarşısının vaxtında alınması baxımından QHT-lərlə birgə maarifləndirmə işlərinin genişləndirilməsi vacibdir.
Görüşdə iştirak edən koalisiyanın üzvləri olan Mehriban Zeynalova, Kamalə Ağazadə, Gülayə Səfərova, Kamalə Aşurova, Ramiz Alıyev və Zemfira Mustafayeva da səmərəli təkliflər səsləndiriblər.