CƏMİYYƏT
Ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində ciddi tədbirlər görülür
Bakı, 23 oktyabr, AZƏRTAC
Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) təşkilatçılığı ilə şəhərdəki 2 nömrəli tam orta məktəbdə “Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına zərərli nəticələri” mövzusunda yuxarı sinif şagirdləri və pedaqoji heyətin iştirakı ilə görüş keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ŞRPŞ-nin rəisi, polis polkovniki İslam Hümbətov çıxış edərək ölkəmizin hər yerində narkomanlığa qarşı mübarizənin gücləndirilməsindən, antinarkotik təbliğatdan, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılmasından və narkomaniyaya qarşı mübarizədə ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyindən danışıb.
Çıxış edənlər ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində ciddi tədbirlərin görüldüyünü, yeniyetmə və gənclər arasında narkomaniyaya qarşı mübarizə üzrə təbliğat işlərinin aparılmasında ailənin və təhsil müəssisələrinin üzərinə daha böyük məsuliyyət düşdüyünü vurğulayıblar.
Görüşdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə və satışına qarşı mübarizədə hüquq mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizədən bəhs olunub.
Tədbirdə bəşəriyyətin düşməni olan və cəmiyyəti məhvə aparan narkomaniyaya qarşı mübarizə tədbirlərinin bu günə qədər olduğu kimi, bundan sonra da qətiyyətlə davam etdiriləcəyi, maarifləndirmə işinin genişləndirilməsinin zəruriliyi qeyd olunub.