CƏMİYYƏT
Ölkəmizdə sığınacaq axtaran ailələrlə maarifləndirici görüş keçirilib
Bakı, 21 iyun, AZƏRTAC
18 İyun-Azərbaycan Respublikasında İnsan Hüquqları Günü və 20 İyun-Ümumdünya Qaçqınlar Günü ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən Dövlət Miqrasiya Xidməti ilə əməkdaşlıq çərçivəsində maarifləndirici tədbir keçirilib.
Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, qaçqınlar və sığınacaq axtaran şəxslər üçün nəzərdə tutulan tədbir Azərbaycan Respublikası ərazisində olan əcnəbi şəxslərin hüquqlarının milli və beynəlxalq səviyyədə müdafiəsi, onların hüquqlarının təmini vəziyyətinin və problemlərinin öyrənilməsi, həmçinin məlumatlılığının artırılması məqsədilə təşkil olunub.
Tədbir çərçivəsində ölkəmizdə sığınacaq axtaran ailələrlə görüş təşkil olunub, fərdi qaydada söhbətlər aparılıb. Qeyd olunub ki, ölkəmizdə miqrant ailələrin cəmiyyətin inkişaf prosesinə cəlb edilməsi, xüsusilə miqrant uşaqların normal şəraitdə fiziki, əqli və mənəvi inkişafının, təhsil və digər hüquqlarının qorunması məsələləri diqqət mərkəzində saxlanılır.
Görüş zamanı əcnəbilərin hüquqi vəziyyəti və qaçqın statusu ilə bağlı milli qanunvericilikdə və beynəlxalq sənədlərdə təsbit olunmuş müddəalar, onların hüquq və azadlıqları, o cümlədən informasiya əldə etmək hüquqları barədə məlumat verilib. Tədbir çərçivəsində sığınacaq axtaran şəxslərə müxtəlif dillərdə tematik vəsaitlər paylanılıb.
Yekunda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.