REGİONLAR
Ölkəmizə daxil olan yük qatarları dezinfeksiya edilir - Böyük Kəsik dəmir yolu stansiyasından REPORTAJ VİDEO
Ağstafa, 23 aprel, Ruslan Novruzoğlu, AZƏRTAC
COVID-19 pandemiyası səbəbindən ölkəmizdə tətbiq edilən karantin rejimi ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışan sahələrdən biri də dəmir yolu sahəsidir. Gürcüstandan daxil olan qatarlar ilk olaraq Böyük Kəsik stansiyasında qəbul edilir. Bu zaman qatarlar dezinfeksiya edilir, lazımi təhlükəsizlik tədbirləri həyata keçirilir, sonra həmin qatarlar ölkə ərazisinə buraxılır.
AZƏRTAC xəbər verir ki, paytaxtdan 500 kilometr uzaqlıqda olan Böyük Kəsik dəmir yolu stansiyası ölkəmizin qərb girişində, Gürcüstanla sərhəddə yerləşir. Bura sonuncu stansiya, sonuncu məntəqədir. Eyni zamanda, Gürcüstan tərəfdən ölkəmizə daxıl olarkən qatarlar üçün birinci dəmir yolu stansiyasıdır.
Müşahidələrimiz belə deməyə əsas verir ki, pandemiyadan öncə yük qatarlarının gediş-gəlişi normal günlərdə necə idisə, indi də elədir. Təbii ki, karantin rejimi ilə əlaqədar dəmir yolu stansiyasında da koronavirusa qarşı önləyici tədbirlər görülür.
Avropadan, o cümlədən Gürcüstandan gələn yük qatarları burada dəmir yolunun əməkdaşları tərəfindən dezinfeksiya olunur. Qatarlar dezinfeksiya edilən zaman hərəkət dayandırılmır, sürət aşağı salınır. Sürücü lokomotivdən düşmədiyinə görə, heç kimlə təmasda olmur.
Stansiyada hazırda avtomatik dezinfeksiyaedici qurğu da quraşdırılır.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Yükdaşıma departamentinin yük və kommersiya xidmətinin rəisi Babək Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan konteynerlərin sayının keçən ilin müvafiq dövrü ilə müqayisədə 49 faiz çox olduğunu deyir: “Bakı-Tbilisi-Qars dəmir yolu xətti, eyni zamanda, orta dəhliz vasitəsilə daşınan yüklər ölkə ərazisinə bu stansiyadan daxil olur. Digər sərhəd keçid məntəqələrində olduğu kimi, burada da vaqonlar xüsusi forma və əlcəklə təmin edilmiş əməkdaşlarımız tərəfindən dezinfeksiya edilir. Stansiyada quraşdırılmaqda olan yeni avtomatik qurğu isə qatarların dezinfeksiya olunması işini daha da asanlaşdıracaq”.
QSC-nin rəsmisi pandemiyanın dünyada yaratdığı çətinliklərin yükdaşımaya təsirinin hansı dərəcədə olmasına və hazırda bu istiqamətdəki vəziyyətə də toxunub. “Pandemiya dövründə yükdaşımalarda heç bir problem yoxdur. Çünki dəmir yolu var gücü ilə işləyir. 2019-cu il yanvar ayından aprelin 20-dək 4 milyon 364 min ton yük daşınmışdısa, bu il 4 milyon 380 min ton yük yola salmışıq. Pandemiyanın daha çox yayıldığı dövr olmasına baxmayaraq, bu il martın 20-dən aprelin 20-dək 23 min ton çox yük daşımışıq” – deyə, o bildirib.