REGİONLAR
“Ölkəmizi tanıyaq”: maarifləndirici tur-aksiya iştirakçıları Qubada
Quba, 15 mart, Elxan Yusifli, AZƏRTAC
Martın 15-də Prezident İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində şimal bölgəsinə ekskursiyaya gələn məktəblilər Qubada qarşılanıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba-Qusar–Xaçmaz marşrutu üzrə təşkil olunan ekskursiyada Lənkəran, Astara, Lerik, Yardımlı, Neftçala, Şirvan və Zərdab məktəblərinin 300-ə yaxın yuxarı sinif şagirdi iştirak edir.
Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ümummilli Liderin abidəsini ziyarət etdikdən sonra məktəblilərə rayon haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, ölkəmizin digər bölgələrində olduğu kimi, Quba-Qusar-Xaçmaz bölgəsində də son illər aqrar sahənin, emal müəssisələrinin, xüsusən də turizm sənayesinin inkişafı istiqamətində böyük işlər görülüb. Bu bölgə həm də tarixi məkanları ilə tanınır. Aksiya iştirakçıları dörd gün ərzində Quba Soyqırımı Memorial Kompleksində erməni vəhşiliyinin əyani şahidi olacaq, yəhudilərin sıx məskunlaşdığı Qırmızı qəsəbəyə, xalçaçılıq emalatxanasına, Cümə məscidinə, Tağlı körpüyə, Xınalıq yolundakı şəlaləyə, “ABAD Factory” İstehsalat Kompleksinə, “Şahdağ” Turizm Mərkəzinə, həmçinin başqa görməli və tarixi yerlərə ekskursiya edəcəklər.
Qarşılanma mərasimindən sonra Heydər Əliyev Mərkəzinə gələn tur-aksiya iştirakçıları burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən muzeyə baxıblar. Mərkəzdə ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə ölkəmizin müxtəlif bölgələrinə səfərlərini, o cümlədən Quba rayon ictimaiyyəti ilə görüşlərini əks etdirən fotoguşələr də yaradılıb.
Daha sonra şagirdlər Gənclər Mərkəzi ilə yaxından tanış olublar.
Qeyd edək ki, tur-aksiya iştirakçıları martın 18-dək Quba, Qusar və Xaçmaz rayonlarının görməli yerlərinə, tarixi abidələrinə ekskursiya edəcəklər.