CƏMİYYƏT
“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Xətai rayon məktəblilərinin Lənkəran-Astara-Masallı rayonlarına yolasalma mərasimi olub
Bakı, 14 noyabr, AZƏRTAC
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasında iştirak edəcək Bakı şəhəri Xətai rayonunun ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin noyabrın 14-də Lənkəran-Astara-Masallı rayonlarına yolasalma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyevin adını daşıyan parkda təşkil olunan tədbirdə əvvəlcə məktəblilər Ulu Öndərin parkda ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Yolasalma mərasimində konsert proqramı təşkil olunub, məktəblilərin və bağça uşaqlarının ifalarında kompozisiyalar nümayiş etdirilib, şeirlər söylənilib.
Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov qeyd edib ki, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır. Bu ekskursiyanın şagirdlərin yaddaşında silinməz iz qoyacağını deyən icra hakimiyyəti başçısı məktəblilərə uğurlar arzulayıb.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov çıxışında bildirib ki, bu ekskursiyaların şagirdlərin dünyagörüşünə böyük töhfə verir və bunlar gələcəkdə xoş xatirələr kimi yada salınacaq. Deputat həmçinin qeyd edib ki, bu ekskursiyaların təşkili ölkə prezidenti İlham Əliyevin gənclərə olan qayğı və diqqətinin nəticəsidir.
254 saylı tam orta məktəbin şagirdi Rzayev Altay AZƏRTAC-ın müxbirinə müsahibəsində ekskursiyanın onlarda zəngin təəssürat yaradacağını qeyd edib. O deyib: “Biz bu müddətdə vaxtımızı səmərəli keçirəcək, Azərbaycanımızın bölgələri ilə yaxından tanış olacaq, tariximizin bizə gəlib çatan yadigarları barədə daha ətraflı məlumatlar əldə edəcəyik”.
27 saylı tam orta məktəbin şagirdi Məhərrəmova Nərminə qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya məktəblilərə Vətənimizi daha yaxından tanımağa geniş imkanlar açır. “Biz bu bölgənin maddi-mədəniyyət abidələri ilə yaxından tanış olmaqla bərabər, həm də yeni dostlar qazanacağıq. Lənkəran rayonuna səfərimizin maraqlı olacağına inanıram. Geri qayıdandan sonra səfər təəssüratlarımı sinif yoldaşlarımla bölüşəcəyəm”.
Sonda məktəblilər xüsusi avtobuslarla Lənkərana yola düşüblər.