İQTİSADİYYAT
Ölkənin ən iri qarğıdalı istehsalçısı nə qədər məhsul yığıb?
Bakı, 14 sentyabr, AZƏRTAC
“Səba” şirkəti qarğıdalı yığımını başa çatdırıb. Şirkət, hər il olduğu kimi, bu il də qarğıdalı yığımından yüksək məhsul əldə edib. “Səba” sahələrinin hər hektarından orta hesabla 14 ton dənli qarğıdalı yığılıb. Hələlik yığımı tamamlanmayan silos qarğıdalıda isə daha yüksək – hektardan 30 ton məhsuldarlıq gözlənilir.
“Səba” əkinçilik təsərrüfatı 2 müəssisədən – “Qarabağ Taxıl” və “Qarabağ Toxum” dan ibarətdir. Növbəli əkin sisteminə üstünlük verən “Qarabağ Taxıl” bu il dənlik və silosluq qarğıdalı, soya, buğda becərib. “Qarabağ Toxum” isə bu bitkilərdən əlavə, ilk dəfə şəkər çuğunduru da əkib. Ümumilikdə, “Səba” Ağcabədi, Beyləqan, Ağsu, Kürdəmir ərazilərindəki tarlalarından 60 000 tondan artıq məhsul yığacağı barədə proqnoz verib.
Ötən ilin müsbət təcrübəsindən faydalanan “Səba” bu il də iri sahədə soya becərib. Bir neçə günə “Səba” sahələrində soya və şəkər çuğunduru yığımına başlanılacaq.
“Biz çox şadıq ki, ölkənin ilk iri özəl taxılçılıq təsərrüfatı kimi “Qarabağ Taxıl” hər il yüksək məhsuldarlıq göstəricisi nümayiş etdirir. “Qarabağ Toxum” ölkənin yüksək keyfiyyətli və məhsuldar toxum istehsalçılarından biri hesab olunur. Torpağa göstərdiyimiz qayğı onun bol məhsulu kimi bizə geri qayıdır”, - deyə “Səba” şirkətindən bildiriblər.
“Səba” tarlalarından yığılan qarğıdalı və soya bu brendin quşçuluq müəssisələrində yetişdirilən quşların əsas yemidir.
Müasir suvarma sistemləri və düzgün aqrotexnoloji qulluq sayəsində becərilən sağlam məhsul quş və heyvan yemi üçün vacib olan zülallarla zəngindir. Buna görə də “Səba”, həm də yem istehsalçısı kimi heyvandarlar arasında yüksək nüfuza malikdir.