CƏMİYYƏT
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədib qaçan sürücü həbs edilib
Bakı, 4 noyabr, AZƏRTAC
Abşeron rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək qaçan sürücü rayon polis şöbəsinin və prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilərək tutulub.
Baş Prokurorluğun mətbuat xidmətində AZƏRTAC-a bildiriblər ki, sentyabrın 26-da saat 21 radələrində naməlum sürücü idarə etdiyi “QAZ-31029” markalı, “10-XH-453” dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonunun Saray qəsəbəsində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq, yolu keçən piyada Əliyeva Elnarə Əlisəttar qızını vuraraq hadisə yerindən qaçıb. Nəticədə E.Əliyeva çoxsaylı bədən xəsarətləri alıb.
Bu faktlara görə rayon polis şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin 1979-cu il təvəllüdlü, Sumqayıt şəhər sakini Quliyev Ramin Bahadur oğlu tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb olunub.
R.Quliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. Ona Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulan ittiham elan olunub və rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.