SİYASƏT
Ombudsman Aparatının əməkdaşı beynəlxalq seminarda ölkəmizdə insan hüquqları sahəsində fəaliyyət barədə məlumat verib
Bakı, 7 iyul, AZƏRTAC
İyulun 6-7-də Avropa İttifaqının maliyyə dəstəyi ilə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) tərəfindən Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi layihəsi çərçivəsində “Readmissiya sazişlərinin icrası ilə bağlı üsul və təcrübələr” mövzusunda beynəlxalq seminar keçirilib.
Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, tədbirdə BMqT-nin ölkəmizdəki nümayəndəsi Serhan Aktoprak, Xarici İşlər Nazirliyinin nümayəndəsi Emil Səfərov, Dövlət Miqrasiya Xidmətinin təmsilçiləri Nazim Turabov və Qüdrət Məmmədov, Ombudsman Aparatının sektor müdiri Rəşad Novruzov, Avropa İttifaqının nümayəndəsi, beynəlxalq yardım və əməkdaşlıq üzrə mütəxəssis Alessandro Budai, BMqT-nin ekspertləri Berta Fernandez və Frederika Rodriqez, habelə İsveç, Bolqarıstan, Moldova, Ukrayna, Polşa və Gürcüstandan miqrasiya məsələləri üzrə ixtisaslaşmış beynəlxalq ekspertlər iştirak ediblər.
Seminarda qayıdış, readmissiya və reinteqrasiya üzrə bacarıqların artırılması, Avropada tənzimlənməyən miqrasiya tendensiyaları, Avropa İttifaqının və Azərbaycanın readmissiya siyasəti, ölkəmizdə miqrasiya proseslərinin idarə olunması, habelə readmissiya sazişlərinin icrası ilə bağlı təklif olunan institusional sistemlər və işləmə mexanizmlərinə dair təcrübələrin paylaşılması barədə geniş fikir mübadiləsi aparılıb. Bu sahədə beynəlxalq və Azərbaycanın təcrübəsi iştirakçıların diqqətinə çatdırılıb.
Müzakirələrdə Ombudsman Aparatının nümayəndəsi insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın insan hüquq və azadlıqları, o cümlədən qaçqın və məcburi köçkünlərin, miqrantların hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi çoxşaxəli fəaliyyət barədə məlumat verib. O, müvəkkilin və Ombudsman Aparatının əməkdaşlarının mütəmadi olaraq Dövlət Miqrasiya Xidmətinin Bakı və Yevlax şəhərlərində yerləşən qanunsuz miqrantların saxlanılma mərkəzlərinə baş çəkdiyini, saxlanılan şəxslərin vəziyyəti, qidalanması, tibbi yardım alması, onlara qarşı rəftar və problemlərini öyrəndiyini, həmin şəxslərə Ombudsmanın səlahiyyətləri çərçivəsində kömək göstərildiyini bildirib, iştirakçıların suallarını cavablandırıb.
Tədbirdə mövzu ətrafında üzrə geniş fikir mübadiləsi, müvafiq fəaliyyət istiqamətləri üzrə əməkdaşlığın perspektivləri üzrə müzakirələr aparılıb, təklif və tövsiyələr səsləndirilib.