CƏMİYYƏT
Ombudsman “Qaliblər düşərgəsi”ndə şəhid övladları ilə görüşüb
Bakı, 14 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanların övladları üçün Şüvəlandakı Humanitar Fənlər Təmayüllü Respublika İnternat Tipli Gimnaziyada fəaliyyətə başlayan 14 günlük “Qaliblər düşərgəsi”ni ziyarət edib.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “For Azerbaijan” Xeyriyyə Təşkilatının təşəbbüsü, Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı, həmçinin bir sıra yerli qurumların birgə dəstəyi ilə təşkil olunan və 13-14 yaşlı yeniyetmələr üçün nəzərdə tutulmuş düşərgənin məqsədi şəhid övladlarının sağlam və intellektual inkişafına dəstək vermək, onların yay tətilini daha da maraqlı etməkdir.
Bildirilib ki, Səbinə Əliyeva düşərgədə olan zaman uşaqların qidalanmasının, sağlamlıqlarının təmini və asudə vaxtlarının təşkili ilə maraqlanıb. Həmçinin düşərgədə iştirak edən şəhid övladları ilə görüşərək onlarla xoş bir gün keçirib, uşaqların istək və arzuları ilə maraqlanıb, ehtiyaclarını öyrənib, habelə onlara problemlərinin həlli üçün ombudsmana müraciət etmək hüquqları barədə məlumat verib.
Sonda Səbinə Əliyeva tərəfindən düşərgənin iştirakçılarına “Uşaq hüquqları haqqında beynəlxalq Konvensiya” da daxil olmaqla, maarifləndirici vəsaitlər, həmçinin müxtəlif hədiyyələr təqdim edilib.