CƏMİYYƏT


Ombudsman təsisatı ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı, 15 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin insan hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikov ilə görüşüb.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Səbinə Əliyeva qurumun fəaliyyəti dövründə BMT və onun struktur bölmələri ilə sıx əlaqələr yaradıldığını, birgə layihələr reallaşdırıldığını diqqətə çatdırıb.

Müvəkkil BMT-nin müxtəlif sahələr üzrə ixtisaslaşmış qurumları, o cümlədən İnsan Hüquqları üzrə Ali Komissarlığı, bu qurumun regional ofisi ilə səmərəli əməkdaşlıq əlaqələrinin davam etdirilməsinin əhəmiyyətindən danışıb. Vurğulayıb ki, birgə maarifləndirmə layihələri çərçivəsində paytaxtda və ölkənin regionlarında BMT-nin İnsan Hüquqları mexanizmləri, Azərbaycan-BMT əməkdaşlığı, BMT-nin müqavilə orqanlarına hesabatların verilməsi ilə bağlı yerli qeyri-hökumət təşkilatlarının maarifləndirilməsi, Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyada təsbit olunmuş hüquq və azadlıqların ölkəmizin milli qanunvericiliyində implementasiyası vəziyyəti, Davamlı İnkişaf Məqsədlərinin təbliği və digər bu kimi mövzularda keçirilən təlimlərə jurnalistlər, vəkillər, hüquqşünas tələbələr və qeyri-hökumət təşkilatları fəal şəkildə cəlb olunublar. Eyni zamanda, əhalinin həssas qrupları üçün Ombudsmanın regional mərkəzlərində birgə pulsuz hüquqi yardım kampaniyası təşkil edilib. Hazırda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi ilə birgə maarifləndirici təlim proqramı həyata keçirilməkdədir.

Vladimir Şkolnikov təmsil etdiyi qurumun Azərbaycan Ombudsmanı ilə əməkdaşlığa böyük önəm verdiyini, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində yaradılmış səmərəli əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Görüşdə Ombudsman təsisatı ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı arasında prioritet əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Ali Komissarlığın Azərbaycan nümayəndəliyinin rəhbəri Kamran Bağırov da görüşdə iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.