CƏMİYYƏT
Ombudsmanın Şimal-Qərb Regional Mərkəzi tərəfindən “Ayrı-seçkilik nədir?” mövzusunda tədbirlər təşkil olunub
Bakı, 30 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal-Qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən Şəki rayonunun Cəfərabad, Küdürlü, Oğuz rayonunun Bayan, Qəbələ rayonunun Xırxatala və Balakən rayonunun Katex kəndlərində yerli icra və özünüidarəetmə orqanları əməkdaşlarının, habelə sakinlərin iştirakı ilə “Ayrı-seçkilik nədir?” adlı hüquqi maarifləndirmə tədbirləri keçirilib.
Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə Ombudsmanın Şimal-Qərb Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov çıxış edərək insan hüquqlarının pozuntusu olan ayrı-seçkiliyin mahiyyəti və müxtəlif formaları barədə məlumat verib. O, bu sahədə hüquqi maarifləndirmənin əhəmiyyətini qeyd edərək Ombudsman təsisatının beynəlxalq əməkdaşlıq fəaliyyəti çərçivəsində Avropa Şurası ilə eyni istiqamətdə səmərəli əlaqələr qurduğunu vurğulayıb.
Bununla yanaşı, tədbirlərdə ayrı-seçkiliklə mübarizə sahəsində milli qanunvericilik aktlarında, habelə qəbul edilmiş beynəlxalq sənədlərdə əks olunan müddəalar diqqətə çatdırılıb.