CƏMİYYƏT


Ombudsmanın regional mərkəzləri Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbirlər keçirib

Bakı, 2 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə ənənəvi olaraq 18 may -18 iyun aralığında keçirilən “İnsan hüquqları aylığı” çərçivəsində Ombudsmanın regional mərkəzləri 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbirlər təşkil ediblər.

AZƏRTAC xəbər verir ki, Ombudsmanın Gəncə Regional Mərkəzi Göygöl Rayon İcra Hakimiyyəti və Göygöl Rayon Uşaq Yaradıcılıq Mərkəzi ilə birgə “Hüquqlarımızı bilək və qorumağı bacaraq!” mövzusunda rayon məktəblilərinin iştirakı ilə onlayn hüquqi maarifləndirici tədbir keçirib.

Həmçinin Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı Lənkəran şəhər O.Mirzəyev adına Qarışıq Tipli Uşaq Evində “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir!” şüarı ilə keçirilən tədbirdə iştirak edib.

Ombudsmanın Quba Regional Mərkəzi isə “İnsan hüquqları aylığı” çərçivəsində Siyəzən, Xızı, Şabran və Xaçmaz rayonlarının Gənclər və İdman idarələrinin əməkdaşlarının və müvafiq rayonlardan olan fəal gənclərin iştirakı ilə videokonfrans formatında maarifləndirmə tədbiri keçirib.

Ombudsmanın Şəki Regional Mərkəzi də Oğuz Rayon İcra Hakimiyyətinin, rayonun Heydər Əliyev Mərkəzinin, gənclər və idman idarəsinin, təhsil şöbəsinin, mədəniyyət bölməsinin, mərkəzləşmiş kitabxana sisteminin, habelə qeyri-hökumət təşkilatı əməkdaşlarının, müəllimlərin, uşaq və gənclərin iştirakı ilə onlayn maarifləndirmə tədbiri təşkil edib.

Regional mərkəzlərin rəhbərləri Ombudsman Səbinə Əliyevanın adından tədbirlərdə iştirak edən uşaqları 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik ediblər. Qeyd olunub ki, uşaq hüquqlarının müdafiəsi Ombudsmanın fəaliyyətinin əsas istiqamətlərindən biridir. Keçirilən tədbirlər zamanı Müvəkkilin Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı bəyanatının məzmunu iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, bəyanatda mərkəzi və yerli icra hakimiyyətləri tərəfindən uşaq hüquqlarının müdafiəsi, onlara göstərilən dövlət qayğısı, uşaq əməyinə və erkən evlilik hallarına qarşı mübarizə, uşaqlar arasında zərərli vərdişlərin yayılmasının qarşısının alınması, sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının təmin edilməsi və onların sosial inklüziyası, uşaqların ayrı-seçkilikdən müdafiəsi, bərabərlik hüquqları və digər mövzularda onlayn maarifləndirmə tədbirlərinin, rəsm və inşa müsabiqələrinin təşkilinin zəruriliyi qeyd edilib.

Tədbir iştirakçılarına bu əlamətdar günün tarixi, uşaq hüquqlarına dair milli və beynəlxalq sənədlərdə təsbit edilmiş müddəalar, həmçinin Ombudsman təsisatının uşaq hüquqlarının təmin olunması sahəsində həyata keçirdiyi fəaliyyət barədə geniş məlumat verilib. Uşaq hüquqlarının müdafiəsinə Müvəkkil tərəfindən xüsusi diqqət yetirildiyi, uşaqlara qarşı zorakılıq və digər hüquq pozuntularının vaxtında müəyyən edilərək araşdırılması üçün təsisatın 916 qaynar xəttinin 24 saat ərzində fəaliyyət göstərdiyi də vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.