İQTİSADİYYAT
On bankın qorunan əmanətçilərinə 667 milyon 072 min manatdan artıq kompensasiya ödənilib
Bakı, 3 noyabr, AZƏRTAC
Əmanətlərin Sığortalanması Fondu tərəfindən noyabrın 2-də "Parabank" ASC-nin qorunan əmanətçilərinə 42 milyon 745 min manat, "Zaminbank"ın əmanətçilərinə 52 milyon 208 min manat, "Kredobank"ın əmanətçilərinə 26 milyon 688 min manat və "Dekabank"ın əmanətçilərinə 2 milyon 906 min manatdan artıq kompensasiya ödənilib.
Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildiriblər ki, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 124 milyon 547 min manatdan artıqdır.
Eyni zamanda, "Atrabank" ASC-nin və "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə, ümumilikdə 16 milyon manatdan artıq kompensasiya ödənilib ki, bunun da 14 milyon 176 min manatı "Atrabank"ın, 1 milyon 880 min manatı "Qafqaz İnkişaf Bankı"nın payına düşür.
"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 117 min manat, "Gəncəbank"ın əmanətçilərinə 969 min manat, "Texnikabank"ın əmanətçilərinə isə 120 milyon manatdan artıq kompensasiya ödənilib. Üç bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 145 milyon manatdan çoxdur.
Eyni zamanda, Əmanətlərin Sığortalanması Fondu "Bank Standard" Kommersiya Bankının qorunan əmanətçilərinə 381 milyon 525 min manatdan artıq kompensasiya ödəyib.
Ümumilikdə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 10 bank üzrə 667 milyon 072 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.