SİYASƏT


On beş ildə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə artıb

Bakı, 12 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin hakimiyyəti illərində siyasi sferada olduğu kimi, iqtisadi sahədə də ciddi uğurlar qazanılıb. Son 15 ildə həyata keçirilmiş ardıcıl və məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkədə planlı sosialist iqtisadiyyatından bazar iqtisadiyyatına keçid prosesinin başa çatması təmin edilib. Bu dövrdə ÜDM-də özəl sektorun payı 80 faizi ötüb, makroiqtisadi sabitlik möhkəmləndirilib, rəqabətqabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı MDB məkanında birinci yerə yüksəlib. 2004-2018-ci illər ərzində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və bölgələrin davamlı yüksəlişi məqsədilə regionların sosial-iqtisadi inkişafına dair üç dövlət proqramı icra olunub. Hazırda dördüncü proqramın qəbul edilməsinə hazırlıq görülür.

AZƏRTAC xəbər verir ki, bu faktları Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, professor Əli Həsənov Prezident İlham Əliyevin 15 illik hakimiyyət dövrünün yekunlarına həsr olunmuş məqaləsində qeyd edib.

Ötən dövr ərzində qeyri-neft sənayesinin ardıcıl şəkildə inkişaf etdirildiyini, ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən və müasir texnologiyalara əsaslanan minlərlə yeni müəssisənin fəaliyyətə başladığını vurğulayan Əli Həsənov yazır: “2014-cü ilin dekabrında təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, ölkə ərazisində çoxsaylı sənaye parkı və məhəllələri, texnoparklar (Sumqayıt, Balaxanı, Mingəçevir, Qaradağ, Pirallahı, Neftçala, Masallı və s.) yaradılıb, istehsal sahələrinin genişləndirilməsi, qeyri-neft sənayesinin ixrac imkanlarının artırılması və innovativ istehsalın inkişaf etdirilməsi istiqamətində ciddi tədbirlər görülüb. Sumqayıtda alüminium, karbamid, plastik emalı zavodları, “SOCAR Polymer” şirkətinin polipropilen və yüksək sıxlıqlı polietilen zavodları (bu zavodlara qoyulan sərmayənin həcmi 800 milyon dollardan çoxdur), Balaxanıda məişət tullantılarının təkrar emalı zavodu, Bakı gəmiqayırma zavodu, Gəncə, Naxçıvan və Neftçalada avtomobil zavodları, Sumqayıt, Gədəbəy və Daşkəsəndə qızıl-mis emalı zavodları, Gəncə alüminium yarımfabrikatı, kənd təsərrüfatı texnikası zavodları və digər sənaye müəssisələri həmin illərdə istifadəyə verilərək ölkənin iqtisadi potensialının gücləndirilməsində mühüm rol oynayır”.

Məqalədə bildirilir ki, on beş il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, qeyri-neft ixracı 4,1 dəfə artıb. Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan (2004) 46 milyard dollara (2018) çatdırılıb. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulub.

“Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını, çoxşaxəli islahatlar proqramını yaradıcılıqla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayaraq, postsovet məkanında keçid dövrünü başa vuran ilk ölkə olub. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda həyata keçirilən islahatlara yüksək qiymət verib. Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 35-ci, ümumi infrastrukturun inkişafına görə isə 26-cı yerdə qərarlaşıb (2017). Forumun “İnklüziv inkişaf indeksi” adlı illik hesabatında (2017) Azərbaycan inkişaf etməkdə olan 80 ölkə arasında 3-cü yerə yüksəlib”, – deyə Əli Həsənov məqaləsində qeyd edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.