CƏMİYYƏT
On milyonuncu sakinin doğulması münasibətilə Qaradağda ağacəkmə aksiyası, fləşmob, konsert təşkil olunub
Bakı, 8 aprel, AZƏRTAC
Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Qaradağ rayonunda ağacəkmə aksiyası keçirilib.
Qaradağ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, keçirilmiş ağacəkmə kompaniyasında rayonun müxtəlif ünvanlarında 600 ağac əkilib.
Sonra ölkənin 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi münasibətilə rayon gəncləri Lökbatan qəsəbəsi Heydər Parkının qarşısında toplaşaraq fləşmob keçiriblər.
Bu münasibətlə Qaradağ rayonunda konsert proqramı da təşkil edilib. Tədbir iştirakçıları rayonun incəsənət və mədəniyyət kollektivlərinin bir-birindən maraqlı ifalarını izləyib, incəsənət ustalarının şən mahnılarını dinləyiblər. Proqram zamanı iştirakçılar göyə rəngarəng şarlar və göyərçinlər uçurublar.
Konsert proqramı atəşfəşanlıqla başa çatıb.
Xatırladaq ki, keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar ilə Həsənov Raufun ailəsində aprelin 6-da Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib.