MƏDƏNİYYƏT
On üç ilin bəhrəsi “İllərin axarında”
Bakı, 16 iyul, AZƏRTAC
“Şuşa” nəşriyyatında çap olunan nəfis tərtibatlı növbəti yeni kitab “İllərin axarında” adlanır. Kitabın müəllifi, tanınmış jurnalist Ənvər Məşədiyevdir.
AZƏRTAC xəbər verir ki, kitab müəllifin 2003-cü ildə çap edilmiş “Yaddaşımın işığında” əsərinin davamıdır. Birinci kitabda müəllifin uşaqlıq və gənclik illərinin xatirələri, jurnalist fəaliyyəti dövründə tanış olduğu, həyatda iz qoyan bir çox elm xadimləri, təhsil və səhiyyə adamları, ayrı-ayrı peşə sahibləri, sadə insanlar barədə qələmə aldığı oçerklər, bədii yazılar, habelə ötən əsrin 70-ci illərindən 2003-cü ilədək dövri mətbuatda müxtəlif janrlarda dərc edilən publisistik yazılarından seçmələr yer alıb.
“İllərin axarında” kitabında isə müəllifin 2003-cü ildən 2016-cı ilədək kütləvi informasiya vasitələrində, ayrı-ayrı kitab və toplularda dərc edilmiş məqalələri, müsahibə və rəyləri, kitabları barədə dərc olunmuş məqalələr, eyni zamanda, “Bir az da özümüzdən” adlı sənədli povesti verilib. Kitabda yer alan yazıların əksəriyyəti “Bakı” qəzetində dərc edilən məqalələrdir. Ömrünün yarım əsrə yaxın bir dövrünü bu mətbu orqanı ilə bağlayan müəllif bir publisist kimi Bakı sakinlərinin, dəyərli oxucuların fikirlərini də ifadə edən kiçik həcmli yazılarından tutmuş, geniş məqalələrinədək bu kitaba daxil etməyə çalışıb.
Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru Aynel Məşədiyevadır.