CƏMİYYƏT
Onkoginekoloji xəstəliklərə müasir yanaşma ilə əlaqədar beynəlxalq konfrans keçirilir YENİLƏNİB VİDEO
Bakı, 8 iyun, AZƏRTAC
İyunun 8-də Bakıda Milli Onkologiya Mərkəzi və İsrail Onkoginekologiya Mərkəzinin birgə təşkılatçılığı ilə “Onkoginekoloji xəstəliklərə müasir yanaşma” mövzusunda beynəlxalq konfrans işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycanın, İsrailin və Almaniyanın onkoginekoloji sahə üzrə mütəxəssisləri ilə yanaşı, ölkəmizin tibb müəssisələrinin həkimləri də iştirak edirlər.
Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini, tibb üzrə fəlsəfə doktoru Fuad Quliyev konfransı açaraq onkologiya elminin müasir dövrdə inkişafı və tədbirin əsas məqsədi barədə məlumat verib.
Mərkəzin onkoginekologiya şöbəsinin müdiri Şəmistan Alıyev rəhbərlik etdiyi şöbədə aparılan əməliyyat və tətbiq olunan müalicə üsulları, həkim və tibb işçilərinin beynəlxalq əməkdaşlığı haqqında danışıb.
Sonra müxtəlif ölkələrdən olan onkoloqların səhiyyənin aktual mövzu və məsələləri ilə əlaqədar qarşıda duran çətinliklər və onların potensial həlli yolları daxil olmaqla, müxtəlif mövzuların müzakirəsi üzrə məruzələri dinlənilib.
İsrail Onkoginekologiya Cəmiyyətinin prezidenti, Barzilai Tibb Mərkəzinin Ginekologiya şöbəsinin rəhbəri, professor Ofer Gemer “Endometrial xərçəngdə limfadenektomiya və sentinel limfa düyünü biopsiyasının rolu”, Kaplan Tibb Mərkəzinin ginekologiya şöbəsinin rəhbəri, professor Alon Ben Arieni (İsrail) ”Reproduktiv funksiya qoruyucu müalicə və irsi endometrial xərçəng”, doktor Əhməd Namazov (İsrail) “Endometrial xərçəngin diaqnozunda histeroskopiyanın rolu” və doktor Alfred Hansel (Almaniya) “Uşaqlıq boynu xərçənginin diaqnostikasında yeni molekulyar diaqnostik metodlar” mövzusunda çıxış ediblər.
İyunun 9-da konfransda Azərbaycan və İsrail mütəxəssisləri arasında onkoginekoloji xəstəliklərə müasir yanaşma mövzusunda dəyirmi masa və müzakirələr, xəstə təqdimatları, diskussiyalar və kliniki müzakirələr aparılacaq.
İyunun 10-da isə qonaqlar Milli Onkologiya Mərkəzi ilə tanış olacaq və cərrahi əməliyyatlarda iştirak edəcəklər.
Konfransda iştirak edən həkimlərə sertifikatlar veriləcək.