ELM VƏ TƏHSİL
Onlayn seminar: Hesablama və kompüter elmləri metodlarının bioloji elmlərə bəzi tətbiqləri
Bakı, 1 aprel, AZƏRTAC
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının müdiri, Kembric Universitetinin professoru Qərib Mürşüdovun “Hesablama və kompüter elmləri metodlarının bioloji elmlərə bəzi tətbiqləri” mövzusunda onlayn formatda elmi seminarı keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, Q.Mürşüdov müasir dövrdə hesablama struktur biologiyasının rolu, məqsədi, tələb olunan resurslar və mövcud məlumat bazaları haqqında ətraflı məlumat verib. Məruzəçi Azərbaycanda rəhbərlik etdiyi Hesablama struktur biologiyası qrupunun fəaliyyəti, kadr hazırlığı və planları haqqında danışıb. Qeyd edib ki, artıq Azərbaycanda hesablama struktur biologiyası üzrə tədqiqatların bünövrəsi qoyulub. Hazırda institutda belə bir qrup mövcuddur və onun fəaliyyəti getdikcə genişlənir. İndi vəzifə bu elmin Azərbaycanda inkişafına nail olmaqdır. Alim dünya elm şəbəkəsində iştirakın mühümlüyünü vurğulayıb. Sonra Q.Mürşüdov iştirakçıların suallarını cavablandırıb.
Məruzə ətrafında çıxış edənlər alimin bu istiqamətdə apardığı tədqiqatları yüksək qiymətləndiriblər.
Seminarda AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin institutlarının, həmçinin İnformasiya Texnologiyaları İnstitutunun alimləri iştirak ediblər.
Xatırladaq ki, Qərib Mürşüdov Kembric şəhərində yerləşən Tibbi Tədqiqatlar Şurasının Molekulyar Biologiya İnstitutunun Hesablama kristalloqrafiyası qrupunun da rəhbəridir.