MƏDƏNİYYƏT
Onun hər bir uğurunun arxasında böyük zəhmət durur
Bakı, 7 dekabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbində “Ustadla görüş-ustad dərsləri” adlı tədbir keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, Xalq Artisti, professor, Dövlət mükafatı laureatı, tarzən Ramiz Quliyevə həsr edilən tədbirdə əvvəlcə sənətkarın həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş olunub.
Musiqi məktəbinin müəlliməsi Həqiqət Hüseynova ustad tarzənin həyat yolundan, musiqi dünyasından və musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən söz açıb.
Vurğulanıb ki, milli musiqi alətimiz tar haqqında danışarkən göz önünə böyük sənətkarlar - Mirzə Sadıqcan, Qurban Primov, Mirzə Mənsur, Mirzə Fərəc Rzayev, Əhməd Bakıxanov, Bəhram Mənsurov, Hacı Məmmədov, Əhsən Dadaşov, Sərvər İbrahimov və başqaları gəlir. Bu gün onların layiqli davamçılarından biri də Ramiz Quliyevdir.
Bildirilib ki, ulu öndər Heydər Əliyev Ramiz Quliyevin ifasını yüksək qiymətləndirərək onu “virtuoz ifaçı” adlandırıb. Ramiz Quliyev dünya şöhrətli dirijorların rəhbərlik etdiyi orkestrlərin müşayiəti ilə Azərbaycan və dünya klassiklərinin əsərlərini məharətlə ifa edib. Onun hər bir uğurunun arxasında gərgin əmək və böyük zəhmət durur.
Sonra görkəmli tarzənin rəhbərliyi ilə ustad dərsləri keçirilib. Tədbir konsert proqramı ilə davam edib.