MƏDƏNİYYƏT


Opera və Balet Teatrı yeni səhnə əsərinin premyerasına hazırlaşır

Bakı, 8 dekabr, AZƏRTAC

Dekabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Manon Lesko” operasının premyerası olacaq.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhnə əsərində əsas partiyaları Xalq artisti Əkrəm Poladov, Əməkdar artistlər Afaq Abbasova, Fərid Əliyev, Tural Ağasıyev, solist Fəhmin Əhmədli ifa edəcəklər. Lesko partiyasında çıxış etmək üçün Ukrayna Milli Operasının solisti, Ukraynanın Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Pyotr Primak dəvət olunub. Tamaşanın musiqi rəhbəri və dirijoru Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı, Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyev, quruluşçu rejissoru Ukraynanın Əməkdar incəsənət xadimi Mikola Tretyak, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysteri Aysel Məlikovadır.

“Manon Lesko” Puççini yaradıcılığında xüsusi yeri olan ən dəyərli əsərlərdən biridir. Tamaşanın premyerası 1893-cü il fevralın 1-də Turində (İtaliya) reallaşıb. Operanın librettosu Antuan Fransua Prevonun Avropada çox populyar olan “Kavaler de Qrie və Manon Leskonun sevgi tarixçəsi” romanının motivləri əsasında hazırlanıb.

Bir əsrdən artıq vaxt ötməsinə baxmayaraq “Manon Lesko” operası bu gün də dünya opera sənətinin inciləri sırasında bir çox qabaqcıl opera teatrlarının repertuarını bəzəyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.